“2 dəfədir narkotikə görə məhbus həyatı yaşayıram” - Narkotik satmaq istəyənlərin ETİRAFLARI – VİDEO

16 2019 12:12

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

ARB TV xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 44 yaşlı Ceyhun Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə C.Əhmədovun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan iki bükümdə, yaşadığı evdən isə satış üçün hazırlanmış 54 ədəd bükümdə narkotik maddə olan heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Ceyhun Əhmədov ifadəsində narkotik maddələri satmaq üçün rayon sakinləri, 41 yaşlı Xalid Əmirəliyev və əvvəllər məhkum olunmuş, 34 yaşlı Sadiq Talıbovdan aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul digər dəstə, X.Əmirəliyev və S.Talıbov şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunublar. Onların yaşadıqları evlərə keçirilən baxış zamanı,  Xalid Əmirəliyevə məxsus fərdi yaşayış evindən satış üçün hazırlanmış heroin, çəkisi 9 kiloqrama yaxın olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları və elektron tərəzi, Sadiq Talıbova məxsus evdən isə satış üçün hazırlanmış narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Ceyhun Əhmədov –saxlanılan şəxs: “Qonşumuz Sadiqdən 200 manat dəyərində narkotik vasitə almışam. Ayın 10-da yaxalandım. Əməlimdən peşimanam, bir də etmərəm”.

Sadiq Talıbov - saxlanılan şəxs: “İki dəfə ki, narkotikə görə məhbus həyatı yaşamışam. Ceyhun da narkotik vasitəni məndən aldığını deyib”.

Xalid Əmirəliyev - saxlanılan şəxs: “Baxış zamanı evdən qram yarım kakos, 3 ədəd də çətənə ağacları çıxdı. Söz verirəm ki, bir də etmərəm”.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.